Söhbəti daha davam etdirmək olmazdı.
O gün ilk dəfə olaraq məktəbdən evə bir yerdə qayıtmadıq.
Yolda onun öz hərəkəti barədə fikirləşib-fikirləşmədiyini deyə bilmərəm, amma mən çox fikirləşirdim. Onun da, özümün də hərəkətlərimi götür-qoy edirdim.
Niyə Vaqif məndən küsdü? Təqsirim nə idi ki?.. “Bərk ayaqda adamı qoyub qaçan”. O mənə nə üçün belə dedi? Ona suflyorluq eləmədiyimə görə, hə?! Bəs onun özü bir o qədər yoldaşına lağ eləyib “Onlara daniş, onlara daniş” deyəndə yaxşı idi?!
Ona görə də ona dərsi pıçıldamadım. Lovğalanmasaydı, bəlkə də, deyərdim. Yox, müəllimin acığına gəlsəydi də, deyərdim. Bircə lovğalanmasaydı!
* * *
İki həftə idi ki, Vaqiflə küsülü idik. Məktəbə ayrı gedir, ayrı qayıdırdıq. Nə mən onlara gedir, nə o bizə gəlirdi.
Üç gün bundan qabaq çörək dükanında anasına rast gəldim. Məni çox mehriban dindirdi.
— Arif, necəsən, bala?!
— Yaxşıyam, Səadət xala.
— Bizə niyə gəlmirsən? Olmaya, Vaqiflə aranız dəyib?!
— Yox, niyə ki?!
— Ondan da soruşuram, belə deyir. Bəs onda niyə görünmürsən? Srağagün sinif rəhbəriniz məni məktəbə çağırtdırmışdı. Vaqifdən çox şikayətləndi. Deyir, çox pis oxuyur. Ciddi çalışmasa, sinifdə saxlamalı olacayıq. Deyir, imtahanqabağıdır, gərək evdə çalışmasına göz olasan. Mən də, ay bala, başıma haranın külünü töküm, evdə oluram ki, üstündə də gözüm olsun. Səhərdən axşamacan düşüb kombinatda qalmışam. İki saatacan elə gedib gəlməyə vaxtım itir. Evə gələndə də bişir-düşür, yır-yığış... bir də görürsən ki, gecə yarı oldu.
Biz çörək alıb evə gələnəcən Səadət xala mənə iş-gücündən, oğlunun dərsə fikir vermədiyindən, futbol azarına tutulduğundan danışdı.
— O gün də ki futbol topuynan yazıq, kimsəsiz Xanımqız nənənin pəncərəsinin bir gözünü çilik-çilik eləyib. Şüşəsalan çağırıb düzəltdirməyə məcbur olmuşam.
Səadət xala danışdıqca ona elə yazığım gəlirdi ki...