Mənə elə gəldi ki, onlar bu baxışları ilə deyirlər: “Onlara daniş, onlara daniş... İndi necəsən, lovğa qardaş?! Hə, necəsən?! Deyəsən, çulunu sudan çıxara bilmirsən?!”
Bəlkə də, onlar bu cür fikirləşmirdilər. Bəlkə, mənə elə gəlirdi. Kim bilir?!
Lovğa qardaş... Bu hardan mənim ağlıma gəldi... Amma Vaqifə necə yaraşır.
Dəli şeytan deyir ki, bundan sonra onu elə belə çağırım: “Lovğa qardaş”. Yox, inciyər. Onsuz da hər şey üstündə inciyir.
Atam deyir ki, lovğalıq çox pis şeydir. Deyir ki, lovğa adamın pendirindən tük çıxır. Bu atalar sözündən onun yaman xoşu gəlir.
İndi budur, lovğa qardaşın da pendirindən tük çıxır.
Ona yazığım gəlməyə başlayırdı. Mən onu heç belə aciz və yazıq bir halda görməmişdim. Bayaqkı lovğalanmaq hara, indiki büzüşmək hara?! Nə elə lovğalan, nə belə büzüş!..
Müəllim məsələni başa düşmüşdü. Vaxtı uzatmağa dəyməzdi.
— Vaqif, belə görürəm sən dərs öyrənməməkdə birinci yerə çıxacaqsan. Keç otur, “2”.
Ana dili müəlliminin xasiyyəti idi. Jurnala yazdığı qiyməti həm də ucadan deyirdi.
Müəllimin qanı qaralmışdı. Dərs danışmağa bu dəfə məni çağırdı. Danışdım. Dedi:
— Yaxşı, bəs dostuna niyə kömək eləmirsən? Vaqifi deyirəm. Görürsən, heç nə bilmir. Belə getsə, sinifdə qala bilər. Onunla bir məşğul olsana... Keç otur, “5”.
Mən müəllimə deyə bilmədim, deyə bilmədim ki, dostuma kömək eləməyə hazıram, ancaq onun özü bundan boyun qaçırır. Yox, deyə bilmədim.
* * *
Tənəffüsdə ona yaxınlaşdım. Məni acıladı:
— Adamı tanımaq olmazmış. Hələ bir utanmır, dost da deyir...
— Mən elə indi də sənə dost deyirəm.
— Dosta bax!.. Bərk ayaqda adamı qoyub qaçan — sənin adın budur!
Mən daha dözə bilmədim:
— Nə danışdığını heç bilirsən?!
— Səninlə danışmaq istəmirəm. Sən də məni danışdırma, bildin?! Bundan sonra mənim Arif adında dostum yoxdur, vəssalam!