Bir də onu gördüm ki, uşaqlar dövrəmi alıblar. Məndən dərsi danışmağımı xahiş edirlər. Etiraz edə bilmədim. Mətni danışmağa başlarkən Vaqifi də çağırdım.
O, pəncərə qabağında durmuşdu, küçədən keçənlərə tamaşa eləyirdi. Mənim səsimə lovğalıqla əlini havada yellədi:
— Onlara danış, onlara, mən... mən...
Mənə elə gəldi ki, o “bilirəm” demək istəyirdi. Ancaq sözünü tez uddu, yadına düşdü ki, səhər dərsə gələndə mənə “bilmirəm” deyib.
— Mən necə olsa, çulumu sudan çıxara bilərəm.
Uşaqlardan hansısa onu sancdı.
— Birdən çulun ağır oldu. Səni batırdı?!
— Öz dərdini çək eyyy... Nə əcəb Arif varmış. Yoxsa neynərdiniz?!
Uşaqlar da onun sözünü cavabsız qoymadılar:
— Küçədən keçənlərə tamaşa eləyərdik, sənin kimi.
Mən dərsi danışıb izah elədim. Sonra uşaqlar növbə ilə bir-birlərinə danışdılar. Mətn hamı üçün aydın oldu. Hamı onu öyrəndi. Bircə mənim məhəllə yoldaşım, dostum Vaqifdən savayı.
* * *
İşin tərsliyinə bax!..
Müəllim dərs soruşmağa başlar-başlamaz birinci Vaqifi çağırdı.
O, inamsız addımlarla yazı taxtasına gedəndə söylədiyi “yaman ilişdim...” sözləri aydınca eşidildi. Ancaq bilmədim bunu müəllim də eşitdi, ya yox. Müəllim jurnalı yazırdı. Bu, Vaqifi, deyəsən, bir az ürəkləndirdi. Addımlarını yeyinlətdi. Özünü mənim oturduğum skamyanın yanına verdi (mən sol tərəfdə birinci skamyada otururam), müəllim eşitməsin deyə pıçıldadı:
— Arif, vayımdı, kömək elə, qulağım səndədir. Asta-asta de gəlsin, eşidərəm.
Mən də ona dedim:
— Mən ki səni dərs öyrənməyə çağırdım.
— Nə biləydim ki, içəri girən kimi məni çağıracaq.
Daha mən dinmədim.
Müəllim başını qaldırıb:
— Hə, Vaqif, danış, səni eşidirəm, — dedi.
Nə danışacaqdı? Nəzərlərim bayaq onun lağ elədiyi uşaqlara sataşdı. Arxayın-arxayın, bir az da istehzalı nəzərlərlə Vaqifə baxırdılar.