Gülhüseyn Hüseynoğlu
BƏRK AYAQDA
(İxtisarla)
Vaqiflə bir məhəllədə oluruq. Bir məktəbdə, bir sinifdə oxuyuruq. Bizə V “b”-nin uşaqları deyirlər. Əbəttə, məktəbdə.
Çox vaxt dərsə Vaqiflə bir gedib gəlirik. Ya o məni çağırır, ya mən onu. Bu kimin tez durmasından asılı olur.
Bu səhər mən onu çağırdım:
— Vaqif!.. Vaqif!..
— Gəldim!.. Bu saat!..
Gəldi:
— Gecikməmişəm ki?..
— Yox, hələ vaxta iyirmi dəqiqə var.
— Nə yaxşı! Onda tələsməyə dəyməz. Asta-asta gedək. Çatarıq.
— Nə deyirəm, gedək.
— Saatımız iki gündür işləmir. Anamın vaxtı yoxdur aparıb düzəltdirsin.
Vaqifin atası keçən il ölmüşdür. Anası toxucu kombinatında işləyir. Toxucudur.
— Dərslərini bilirsən, Vaqif?
— Eh, hardan, ana dilindən tapşırığa baxmağa heç vaxtım olmayıb. Sən, yəqin, həmişəki kimi hamısını öyrənmisən.
Vaqifin sözündə kinayə duysam da, özümü o yerə qoymadım. Dedim:
— Həmişəki kimi.
— Sənə nə var... Sinfimizin gözüsən. Bütün qiymətlərin “5”-dir.
— İstəsən, sən də ala bilərsən.
— Məndə o səbir hanı?! Oturum sənin kimi gecə-gündüz kitab üstündə, oxu ha, oxu. Yorulmaq-zad bilmirsən aaa, Arif!
Vaqif bunu elə dedi ki, guya mən kitab oxumaqla dağı-dağ üstünə qoyuram. Onun hərdən belə şişirtməsi olur.
* * *
Sinifdə bildim ki, uşaqların da bir neçəsi ana dilindən tapşırılan mətni öyrənməmişdir. Qorxu-hürkü canlarını götürmüşdü. Ancaq iş elə gətirdi ki, ana dilindən əvvəlki dərsimiz boş keçdi.