Oqtay Rza
XOCALI
Tək qalıb vuruşdun darda, çətində,
İki müqəssir var müsibətində:
Daşnak canilərlə daxili qurdlar...
Mərmi yağdırdılar, pusqu qurdular.
Döndün yaralanmış mərdə, Xocalı!
Bu qan qalmayacaq yerdə, Xocalı!
Neçə gənc ananın, məsum körpənin
Sinəsi atəşə hədəf, tuş oldu;
Bakıya çatanda harayın sənin
Sandım ki, mənim də dərim soyuldu.
Alışdı səma da, yer də, Xocalı!
Bu qan qalmayacaq yerdə, Xocalı!
Birləşib qələbə çalmasaq əgər,
Sənin qisasını almasaq əgər,
Demək nə dövlətik, nə xalqıq onda;
Batarıq zamanın burulğanında...
Bir də söyləyirəm, bir də, Xocalı!
Bu qan qalmayacaq yerdə, Xocalı!