Səhər o, İsmayılı da özü ilə götürüb Məkkədən çıxdı. Ata və oğul birlikdə şəhər kənarındakı Mina adlı yerə yollandılar. İbrahim öz məqsədini hələ oğluna açıb deməmişdi.
Minaya çatanda İbrahim İsmayıla söylədi:
— Oğlum, yuxuda Allah mənə əmr edib, ona görə də səni buraya gətirmişəm.
İsmayıl atasına ədəblə belə cavab verdi:
- Ata, sən peyğəmbərsən. Nə etmək lazım olduğunu yaxşı bilirsən. Mən heç vaxt Allahın əmrindən və sənin sözündən çıxmaram. Allah sənə nə əmr edibsə, onu yerinə yetir. Mən Allahm yolunda hər şeyə, hətta ölümə də səbirlə dözərəm.
Bu zaman Allah-taala Cəbrayıl adlı mələyi iri bir qoçla İbrahimin yanına yolladı. Cəbrayıl İbrahimə dedi:
- Ey İbrahim! Allah sənin sədaqətini yoxlamaq istəyirdi. Sən sübut etdin ki, doğma oğlunu da Allaha qurban verməyə hazırsan! Bu bir imtahan idi. Allah istəmir ki, İsmayıl ölsün. Gətirdiyim bu qoçu İsmayılın əvəzində Allaha qurban kəs!
İbrahim Allah yolunda qoçu qurban kəsdi. Bu hadisə Qurban bayramı günü baş vermişdi. İndi də hacılar Qurban bayramında Məkkədə Həzrəti İbrahimin hərəkətlərini təkrar edir, Allah yolunda qurban kəsirlər.
İsmayıl böyüdükdən sonra da İbrahim peyğəmbər tez-tez gəlib ona baş çəkirdi. Müsəlmanların ən müqəddəs yeri sayılan Məkkədəki Kəbə evini də Həzrəti İbrahimlə İsmayıl tikmişdilər. Kəbəni tikərkən İsmayıl atasına kömək edir, daş daşıyır, divar hörürdü.
Allah-taala Həzrəti İsmayıla da peyğəmbərlik verdi. O, Ərəbistan torpağında fəaliyyət göstərir və camaatı İbrahimin tapşırıqlarına əməl etməyə çağırırdı.
Həzrəti İsmayılın çoxlu oğul-uşağı var idi. Onun nəsli min illər boyunca davam etdi. Sevimli peyğəmbərimiz Həzrəti Məhəmməd də İsmayıl peyğəmbərin nəslindən doğuldu. Beləliklə, Həzrəti İsmayıl Məhəmməd peyğəmbərin ulu babasıdır.