Natiq Rəhimov
HƏZRƏTİ İSMAYIL
Həzrəti İbrahim peyğəmbərin həyat yoldaşının adı Sara idi. İbrahimlə Sara mehriban yaşayırdılar. Yaşları ötsə də, hələ oğul-qız sahibi olmamışdılar. Bir gün Sara İbrahimə dedi:
— Yaxşı olar ki, başqa bir qadınla da evlənəsən. Bəlkə, o zaman Allah sənə övlad bəxş edər.
Həzrəti İbrahim razılaşdı və Hacər adlı mömin bir qadınla evləndi. Tezliklə Hacərlə İbrahimin oğlu oldu. Uşağın adını İsmayıl qoydular. İbrahim yeganə oğlu İsmayılı çox sevirdi. O, İsmayıldan ayrılmır, onu qucağından yerə qoymurdu. İbrahimin bu hərəkətləri Saraya təsir edirdi. Nəhayət, bir gün Sara İbrahimdən xahiş etdi ki, Hacərlə İsmayılı evdən uzaqlaşdırsın.
Həzrəti İbrahim ailədə qanqaralıq düşməsin deyə, Hacərə tapşırdı ki, körpə İsmayılı da götürüb səfərə hazırlaşsın. Onlar üçlükdə yola çıxdılar. Xeyli yol getdikdən sonra Ərəbistan torpağına çatdılar. İndiki Məkkə şəhərinin yaxınlığına yetişəndə İbrahim Hacərlə İsmayılı orada qoyub özü geri döndü.
İbrahim gedəndən sonra Hacərlə İsmayıl üçöün qoyduğu su qurtardı. Balaca İsmayıl susuzluqdan ağlamağa başladı. Hacər birdən gördü ki, möcüzə baş verdi: İsmayılın ayağının altında torpaq yarıldı və yerdən bulaq çıxdı. Hacər həmin bulağın suyundan İsmayıla içirtdi, sonra özü də içdi. O, bulağa “Zəm-zəm” adını verdi. Çox-çox sonralar Zəm-zəm bulağının yerində quyu qazdılar. Həmin quyu indi də durur. Məkkəyə ziyarətə gedən hacılar Zəm-zəm quyusunun suyundan içirlər. Hacərlə İsmayıl Zəm-zəm bulağının yanında ev tikib yaşamaüğa başladılar. Tezliklə başqa qəbilələr də orada köç saldı. Həzrəti İbrahim tez-tez gəlib İsmayıla baş çəkirdi.
İsmayıl böyüyüb yaraşıqlı bir oğlan oldu. Atası onu çox sevirdi. Bu vaxt Allah-taala İbrahim peyğəmbəri sınağa çəkmək istədi. Allah-taala yoxlamaq istədi ki, görəsən, İbrahim Allahı çox sevir, yoxsa İsmayılı?
Bir gecə İbrahim peyğəmbər yatmışdı. Allah yuxuda ona əmr etdi ki, İsmayılı Allah yolunda qurban kəssin. Həzrəti İbrahim üç dəfə eyni yuxunu gördü, yuxunun doğruluğuna inandı.