Mirmehdi Seyidzadə
PAYIZ MƏNZƏRƏSİ
Dəyişib donunu yenə ağaclar,
Budaqlar mərcandır, yarpaqlar qızıl.
Dumana bürünüb dağlar, yamaclar,
Xəzəldən görünür torpaqlar qızıl.
Əyib budaqları bağlardakı bar,
Odlu şəfəq kimi almalar yanır.
Heyva ətir saçır, şirələnib nar,
Vüqarla göylərə çinar boylanır.
Buludlar bənzəyir kişnəyən ata,
Yuyur obalarda yağış kolları.
Dodaqlarda gülüş, əllərdə çanta
Uşaqla doludur məktəb yolları.
Bəzən əsən külək incə ney çalır,
Bəzən uğuldayır, səs düşür bağa.
Durnalar qatarla göyə ucalır,
Yarır buludları, uçur uzağa.
Budur, dəstə-dəstə qızlar, gəlinlər
Dərir ağaclardan yetişmiş meyvə.
Tutur nəğmə səsi bağları səhər,
Şənlik gətiribdir payız hər evə.