İslam Səfərli
MÜƏLLİM
Müəllim! Bu sözün mənası dərin,
Onun hər ürəkdə öz yeri vardır.
Odur ilhamçısı gənc nəsillərin,
Fikri, düşüncəsi bir ilk bahardır.
Müəllim! Bu ada min dastan desəm,
Nə sözüm tükənər, nə qəlbim susar.
Ona canımı da mən qurban desəm,
Bir şair qəlbinin buna haqqı var.
Ağsaçlı, mehriban müəllimimi,
İndi də arabir hərdən görürəm.
Özümü itirib bir uşaq kimi,
Ayağa qalxaraq salam verirəm.
Dünyanın ən böyük dahilərini,
Müəllim yetirmiş parta dalından.
Onun qayğısını, alın tərini,
Dostlar, unutmayaq gəlin heç zaman.
Deyirəm, görəsən cahanda kimin,
Bir müəllim təki xidməti vardır.
Dahilər dərs deyən bir müəllimin,
Milyon könüllərdə hörməti vardır.