— Heç nə yazmayıb, nəyini çıxardım?!
— Necə heç nə yazmayıb? Mən gördüm. Tez-tez nəsə yazırdı.
Uşaqlar da yoldaşlarının sözünə qüvvət verdilər:
— Düzdü, düzdü, biz də gördük.
Zəhra albomu partanın altından çıxarıb tələsik vərəqlədi. Müəlliminin xətti ilə yazılmış şeiri görəndə iri ala gözləri işıqlandı. Rəfiqəsi cəld albomu onun əlindən alıb, şeiri ucadan oxumağa başladı:
Zəhra üçün
İrəli qoş, irəli,
Ey mənim gözəl qızım.
Qalma həyatdan geri,
Oxu mükəmməl, qızım.
Uca dağlardan atlan,
Hər çətinliyə qatlan.
Bir quş kimi qanadlan,
Göylərə yüksəl, qızım.
Mehriban ol insana,
Bir yuxarı baxsana,
Göydə gönəş, ay sana
Eyləyir “gəl, gəl”, qızım.
Albom əldən-ələ gəzdi...
1934-cü il martın 11-də Bakıdakı 18 nömrəli məktəbin beşinci sinif şagirdləri evlərinə dağılışanda müəllimlərinin yazdığı şeiri bir-birlərinə əzbər deyirdilər.
Bu müəllim sevimli şairimiz Mikayıl Müşfiq, albomuna xatirə üçün şeir yazılan şagird isə indi tibb elmləri doktoru olan Zəhra Salayeva idi.