— İndi qızılların da yerini deyərəm. Hamısı bu kitabda yazılıb.
Alim gördü ki, quldurlardan birinin əli çənəsində qalıb, o birinin rəngi getdikcə qaralır. Kitabı oxumağa başladı:
— Qumlu səhradan baxanda qarlı dağlar günbatan tərəfdə görünür. Yayda günəş qürub edəndə şəfəqləri səhradakı təpənin üstünə düşür. Həmin təpənin yeddi addımlığında yerə yeddi daş basdırılıb. Daşların altında yeddi küp qızıl var.
Alim gəlib həmin yerdə dayandı:
— Bu daşları ancaq yeddi igid çıxara bilər. Gərək onlardan dişi, başı ağrıyan olmaya.
Alim dişinin ağrısından ikiqat olan qulduru yüklərin yanına gətirdi. Əyri bir dəmir çıxarıb quldurun çənəsini araladı. Ağrıyan dişini dartıb quldurun ovcuna qoydu. Başının ağrısından rəngi kömürə dönən quldura bir cövhər içirtdi. Kitabı oxumaqda davam etdi:
— Üzündə köç itinin cırmaq yerləri olan quldurbaşı axsayırsa, gözləri çaşdırsa, qolunun biri əyridirsə, ona alim dava-dərman etməlidir.
Quldurbaşı cınqırını çıxara bilmirdi. Alim quldurbaşının qarşısında dayandı:
— Sənin kəm-kəsirini müalicə eləmək çox vaxt aparacaq.
Quldurbaşının qəzəbindən, vahiməli baxışlarından, ötkəm səsindən əsər-əlamət qalmamışdı:
— Ey böyük alim, biz indən belə quldur deyilik, quluq. Alimin qarşısında, elmin yolunda qul kimi işləməyə hazırıq.
— Onda külüngləri, belləri götürün, — alim dedi.
Yeddi quldur qollarını çırmayıb alimin tapşırıqlarını, göstərişlərini yerinə yetirməyə başladı. Təpənin yanında dərin bir xəndək qazdılar. Üst-üstə qalanmış yeddi sal daşı çapıb çıxartdılar. Birdən göz yaşı kimi su qaynamağa başladı.
— Dediyim qızıl budur, — alim üzünü quldurlara tutdu.
Quldurlar da, alimlər də susdular. Yeddi yerdən qaynayan sərin suyun yanında süfrə açdılar.
Hamı alimin elminə həsəd apardı. Deyə-gülə yeyib-içməyə başladılar. Quldurlar o gündən yol kəsməyi, karvan soymağı, qarət etməyi tərgitdilər.
Ələmdar Quluzadə