— Hə, Zəhra qızım bu gün yaman sözlü adama oxşayır. De görüm, qızım, utanma!..
Zəhranın yanaqları allandı, özünü itirdi. Elə itirdi ki, yanında oturmuş yoldaşının pıçıltısını belə eşitmədi: “Ver albomu, Zəhra, ver!..”
Pıçıltını Zəhra eşitmədisə də, müəllim yaxşı eşitdi. Dedi:
— Qızım Zəhra, deyəsən mənə nə isə təqdim etmək istəyir, ancaq utandığından tərəddüd edir. Gəlin birlikdə xahiş edək, utanmasın.
Zəhra özü də bilmədi ki, nə vaxt ayağa durdu, nə vaxt partanın altından albomu götürdü, nə vaxt müəllimin stolunun üstünə qoyub çəkinə-çəkinə:
— Müəllim, bura bir şey yazarsınız? — dedi və özünə də elə gəldi ki, indicə sir-sifəti od tutub yanacaq.
Müəllim albomu götürüb maraqla o tərəf-bu tərəfinə baxdı. Vərəqlərini çevirdi, sonra da təmkinlə:
— Yaxşı, qızım, sən get sinif jurnalını gətir, mən də səninçün bir şey yazaram, — dedi.
Bu sözlər Zəhraya qanad olub, bir göz qırpımında onu sinifdən müəllimlər otağına uçurdu. Jurnalı gətirməsi beş-altı dəqiqə belə çəkmədi.
O tövşüyə-tövşüyə jurnalı müəllimə verəndə müəllim də albomu ona uzatdı. Zəhra albomu alanda pərt oldu. Bayaqkı sevincindən üzündə əsər-əlamət qalmadı. Yerində oturanda fikirləşdi: “Yəqin, şeir yazmaq istəməyib. Yazmaq fikri olsaydı, albomu özü ilə aparardı. Nə pis oldu. Gərək heç deməyəydim...”
Zəhra albomu açmadan partanın altına qoydu və pərt olduğunu müəllimə hiss etdirməməyə çalışdı. Ancaq onun müəllimi elə müəllimlərdəndir ki, gözündən heç nə qaçmazdı. Bu da qaçmadı; düymə dodaqları xəfifcə qımışdı, lakin özünü elə apardı ki, guya Zəhranın pərtliyini əsla görmür...
* * *
Müəllim sinifdən çıxan kimi uşaqlar Zəhranın başının üstünü aldılar. Rəfiqəsi hamını qabaqladı:
— Hə, albomu ver, görək müəllim nə yazıb?
Zəhra könülsüz cavab verdi: