Gülhüseyn Hüseynoğlu
MÜƏLLİMİN ARZUSU
Zəng çalındı. Zəhranın ürəyi şiddətlə çırpındı. “İndi gələcək. Deyim, deməyim?! Görəsən, yazar, ya yox?!”
Zəhra orta cərgədə müəllimin stoluna bitişik partada otururdu. Keçib əyləşəndə rəfiqəsi dedi:
— Albomu gətirmisən?
— Gətirmişəm.
— Müəllimə verəcəksən?
Zəhranın çiyinləri qalxıb-endi:
— Nə bilim.
Rəfiqəsi ürək-dirək verdi:
— Yox, verginən, sevimli müəllimimizdir, yaxşı bir şey yazar... Nədən utanırsan eee?!
Uşaqlar Zəhranın sevimli müəllimlərinə xatirə üçün avtoqraf yazdırdığını bilirdilər. Artıq onun albomunda iki müəllimin avtoqrafı vardı. İndi Zəhra belə bir xahişlə ana dili müəlliminə müraciət etmək istəyirdi. Xəyalından da şeir yazdırmaq keçirdi. “Amma yazsa, nə yaxşı olar, həmişə bu albomu saxlaram, həmişə!..”
Saniyələr keçdikcə Zəhra daha çox həyəcanlanırdı: “Birdən yazmadı?! Yox, albomu heç göstərməsəm yaxşıdır...”
Qapı açıldı, iyirmi beş-iyirmi altı yaşlarında, ortaboylu, qarabuğdayı bir adam içəri girdi. Bir göz qırpımında hamı ayağa durdu. Müəllimin tanış, mehriban səsi ətrafa yayıldı:
— Salam, uşaqlar!
Sinif yüksək dağın zirvəsindən gurultuyla tökülən şəlalə kimi səsləndi:
— Salam!!!
— Əyləşin, əyləşin.
Uşaqlar əyləşdilər. Elə sükut əmələ gəldi ki, onların nəfəslərini belə eşitmək olardı. Maraq dolu baxışlar müəllimə zillənmişdi. Müəllim də özünə dikilən gözləri iri qonur gözləri ilə süzür, sanki onları oxumağa çalışırdı. Birdən iti baxaları qarşısında oturmuş Zəhranın nəzərlərinə sataşanda dedi: