Adamlar baxıb deyirdilər:
— Sağ olsun bu kişini, yüz adamın işini görüb. Necə də gözəl bağ salıb!
Amma... Amma günlərin bir günü şəhər rəhbərliyindən gəlib dedilər ki, bu bağı sökmək, dağıtmaq lazımdır.
- Qanunsuz bağ salmısan. Ağacları da kəs at getsin!
Bu qoca bağban bağda oturub dərin fikrə dalmışdı. Balaları kimi sevə-sevə böyütdüyü ağacları, gülləri kəsib tökməyə nə əli gəlirdi, nə də ürəyi. Oturub hey fikirləşirdi. Sanki ağaclar da bunu duyub kədərlənirdilər. Güllər saralıb-solmaqdaydı...
Bu zaman qocanın yanında bir maşın dayandı. Maşından ucaboylu, gülərüzlü sanki hamıya və bu qocaya da tanış olan bir kişi düşüb bağa doğru gəldi: kişiyə əl uzadıb salam verdi.
- Salam, qoca! Niyə kefsiz oturmuşsan burada?
Nurani qoca ağacları göstərdi:
- Balalarımla vidalaşmaq mənə çətindir.
- Nə olub, de?
- Bu ağacları kəsdirirlər. Qanunsuz əkibsən, deyirlər. Təqaüdçü babayam, əlim işsiz əsir. Bura boş yer idi. Təmizləyib bağ saldım, gül-çiçək əkdim... Nə xeyri, indi gəlib deyirlər ki, dağıt bu bağı.