L A Y İ H Ə
İki qrupa bölünün. 28 May Respublika Günü münasibəti ilə təqdim olunan əsərlər üzrə layihəni işləyin.
Əsərlərdən biri nəqletmə, digəri təsviredici xarakterlidir.
I qrup. 1. Məmməd Namazın “Vətəni çiçəkləndirmək lazımdır” nəqletmə xarakterli əsərini aşağıdakı məsələlər baxımından təhlil edin:
• Əsərdəki obrazlar və onların başlıca xüsusiyyətlərini təsvir edin.
• Əsərdəki obrazları müqayisə edin.
• Əsərdə hadisələrin ardıcıllığını müəyyən edin.
• Əsəri hissələrə ayırın.
• Əsərin elementlərini müəyyən edin.
2. Nəticələrinizi əks etdirən kiçik təqdimat hazırlayın.
II qrup. 1. Tofiq Bayramın “Alqış deyim” təsviredici xarakterli şeirini aşağıdakı məsələlər baxımından təhlil edin:
• Əsərin ideyasını müəyyən edin.
• Əsərdə bədii təsvir vasitələrini müəyyən edin.
• Əsərdə hissləri və faktları təsvir edən məqamları göstərin
• Əsərin hissələrini müəyyənləşdirin.
2. Nəticələrinizi əks etdirən kiçik təqdimat hazırlayın.
VƏTƏNİ ÇİÇƏKLƏNDİRMƏK
LAZIMDIR!
Sumqayıtda qoca bir kişi yaşayır: torpağı sevən, əkib-becərən, hamıya yaxşılıq edən nurani bir qoca.
Təqaüdçü olduğundan, qocaldığından işləyə bilmirdi. Amma əli işdən soyumamışdı. Hey işləmək, əkib-becərmək həvəsi ilə yaşayırdı.
Şəhər rəhbərliyindən torpaq sahəsi istəsə də, onu razı salan yox idi.
Bu nurani kişi düşünüb-daşınıb qərara aldı ki, boş bir sahədə ağac, gül əkib-becərsin.
Belə də etdi. Yaxşı meynələr, şitillər, güllər alıb boş bir sahədə əkdi. Gözəl bir bağ saldı. Yaz fəsli bu ağaclara sığal çəkdi. Çiçəklər yazın nəfəsi ilə günəşə boylandılar.