Naxçıvan torpağının
şəhdindən, şirəsindən,
Qayaların ağzından
çıxan od kürəsindən,
Qədim tikililərin
bağından-bağatından,
Şəhər səliqəsindən,
köhnə kənd həyatından,
Günlü güneylərindən,
qarlı quzeylərindən,
Allahın yaratdığı
qaya muzeylərindən,
Ürəyə işıq salan
günəşdən doğulurdu,
Şimşəkdən, ildırımdan,
atəşdən doğulurdu.
Kim deyə bilərdi ki,
bugünkü körpə uşaq,
Sabahkı bir dahidi,
biz kimik hökm verək,
Hökmü verən-çıxardan
Tanrıdı, İlahidi.
Zəlimxan Yaqub