Nəqletmə xarakterli essenin yazılması
Siz əvvəlki dərslərdə nəqli essenin yazısına hazırlaşmışsınız. Essenin hər bir elementinin təşkili üzrə işlər aparmışsınız. Hadisələrin harada və nə zaman baş verdiyini, həmin hadisələrdə kimin iştirak etdiyini müəyyən etmişsiniz. Həmçinin nədən bəhs edəcəyinizi, hansı məsələni müzakirəyə çıxaracağınız haqqında da düşünmüşsünüz. Bütün bunları hansı ardıcıllıqla təqdim edəcəyiniz barədə də götür-qoy etmişsiniz. Artıq nəqli essenin yazısına tam hazırsınız.
Tapşırıq 1.
1. Həyatınızda baş vermiş, sizdən cəsarət tələb edən bir hadisəni yadınıza salın və onun xəritəsini tərtib edin (nümunə səh.131-132).
2. Tərtib etdiyiniz xəritə əsasında essenin planını qurun.
3. Esseyə maraqlı və cəlbedici giriş verin.
4. Qaralamada qeydlər aparın.
5. Ehtiyac yarandıqca dialoqlara da yer verin.
ESSENİN BAŞLANĞICI
Çox soyuq bir qış günü idi. Məktəbin həyəti qar ilə örtülmüş, hər tərəf buz bağlamışdı. Buna baxmayaraq, hava sakit və küləksiz idi.
Biz - beşinci sinif qızları böyük tənəffüsdə təmiz hava almaq
üçün məktəbin həyətinə çıxmışdıq. Söhbət edir, gəzir, təbiətin
gözəlliyinə tamaşa edirdik. İkinci sinifdə oxuyan bacım da
bizimlə idi. Bir az kənarda altıncı sinif oğlanları qartopu
oynayırdılar.