Çox-çox illər bundan qabaq bir alim vardı. Onu öz ölkəsində də, qonşu məmləkətlərdə də hamı yaxşı tanıyırdı. O, dağların altından lağım atdırıb yol düzəltdirir, ulduzlara baxmaqla ilin necə keçəcəyini söyləyirdi. Yanına dərdli gələn dərmansız qayıtmırdı. Ona «alim aləmdir» deyirdilər.
Bir gün alim özünə bab olan elm adamlarından bir neçəsini götürüb səhralara yollandı. Dedi ki, camaat sudan çox korluq çəkir, gərək səhraları da gülüstana çevirək. Dəvə karvanı qumlu çöllərdə bir gün, bir gecə yol getdi. Qu deyəndə qulaq tutulan səhrada səhər tezdən bir təpənin yanında dayandılar.
Alim dedi:
— Buralarda su olmalıdır. Ulduzlar bu yeri nişan verir. Qan- tərin içində olan yoldaşları bir-birlərinin üzünə baxıb çiyinlərini çəkdilər.
Biri dedi:
— Ey böyük alim, yerin altında suyun olduğu məlumdur. Biz neçə arşın dərinliyə getməliyik ki, suya çataq?
Alim uzaqlardakı başı qarlı dağları göstərdi:
— O dağların suyu bu səhranın altındadır. Yerin altı ilə çay axır. Çay gedib dəryaya tökülür. Su burda çox üzdədir. Yeddi arşın qazsaq, çay səhranın üstünə çıxar.
Alim baxdı ki, yoldaşlarında o kəramət yoxdur ki, bu istidə səhranın yeddi arşınlığına ensinlər.
— Kaş sizin kimi alimlərin əvəzinə, beş-üç qolugüclü cavan gətirəydim, — dedi.
Söz alimin ağzından çıxar-çıxmaz bir də gördülər ki, başı qarlı dağlar tərəfdən bir dəstə atlı onlara tərəf çapır. Toz dumana qarışıb. Atlılar onların yanına çatan kimi qırmanclarını oynatmağa, kəməndlərini işə salmağa başladılar. Qorxudan alimlərin rəngi saralmışdı.
Çəpgöz quldurbaşı əmr elədi:
— Nəyiniz varsa, hamısını verin bura!
Alim gülümsədi:
— Kimsiniz, nəçisiniz?