— Nə etməliyəm?
— Sükanı üç dərəcə sağa çevirin. Bircə saniyəniz qalıb!..
Raketdəki kompüterin əlvan gözcükləri cərgə-cərgə, sıra-sıra alışıb yandılar. Səs-səsə verdilər... Üç dərəcə... üç dərəcə... sağa... sağa! Bir göz qırpımında Qara Nəhəng yolun sol tərəfində qaldı.
Fariz gözünün üstünə düşən dəbilqəsini düzəltdi. Ekrana göz gəzdirdi. Raketi saysız-hesabsız ulduzlar aləminə uçurdu.
— Görəsən, mənimlə danışan oğlan bunların hansında yaşayır? Eaa Zennoraa!
O dəqiqə cavab aldı.
— Sən iki günəşli, on peykli Arqonis planetinə xoş gəlmisən! Görüşümüzə çox şadam. 50A saylı kosmodrom raketini qəbul etməyə hazırdır...
Bu dəfə Eaa təmiz Azərbaycan dilində ondan soruşdu:
— Hardan gəlmişsən?
— Gönəş sistemindən.
— Onu bilirəm. Hansı planetdən, hansı ölkədən?
— Yer planetindən. Azərbaycandan!
— A-zər-bay-can-dan?! Vətənini çoxmu sevirsən?
— Mən fəxr eləyirəm ki, azərbaycanlıyam!..
Oğlan ekrandan yox oldu. Yerində bir-birini qovan rəqəmlər göründü.
Fariz diksinib gözlərini açdı. Otağındakı televizorun ekranında nə Eaanı, nə Arqonisi, nə Krasanus Süni Planetlər Birləşməsini gördü. Vay, olmaya Eaanı yuxuda görüb?! Yox, yox, ola bilməz. Axı bayaq oyanmadı? Bəlkə, bunlar doğrudan olub?! Bəlkə...
Oğlan başına gələnləri babasına danışmaq üçün onun emalatxanasına yüyürdü. Qonşu uşaqlar hasara dırmaşıb yenə həsrətlə ona tamaşa eləyirdilər...
Fuad Tanrılı
Ev tapşırığı:
1. Əsərin əsas obrazlarının başlıca xüsusiyyətlərini müəyyən edin.
2. Əsərin ideyası üzərində düşünün. Müəllif öz oxucularına nə demək istəyirdi?