— Mən 210-am! Kosmonavt Farizəm! Uçuşa hazıram! Mühərrikləri işə salın. Sayıram... beş... dörd... üç... iki... bir! Getdik!..
Nədənsə bu dəfə növbəti səfərə bir azca ləngidi. Deyəsən, yuxudan kal durmuşdu. Elə yerinin içində uzanıb fikrə getmişdi. Götür-qoy eləyirdi. Axı tanımadığı təzə ulduza uçmalıydı... Birdən çilçırağın işığı öz-özünə yandı. Ürək kimi döyündü. Deyəsən, nəyisə işarə eləyirdi. Televizorun da ekranı işıqlandı. Oradan ona ömründə görmədiyi bir oğlan gülümsündü. Tez-tez həyəcanla danışmağa başladı. Fariz onun dediklərini başa düşmədi. Hələ bu dildə danışan adama rast gəlməmişdi.
Birdən raketindəki kompüter söhbətə qarışdı. Oğlanın söylədiklərini Azərbaycan dilində səsləndirdi.
— Diqqət! Diqqət! Danışan Planetlərarası Böyük Kompüterin növbətçi operatoru Eaa Zennoraadır! Günəş sistemindən çıxıb bizim Krasanus Süni Planetlər Birləşməsində uçursunuz. Ehtiyatlı olun. Raketiniz böyük sürətlə Qara Nəhəngə sarı uçur. Tədbir görün! Qəzaya uğraya bilərsiniz. İki saniyəniz qalıb... iki saniyəniz qalıb!
Fariz qorxmadı. Əvvəlki uçuşlar vaxtı başına bundan da çətin hadisələr gəlmişdi. Buna görə sakitcə soruşdu: