Qarışqa:
— Bəs belə! Bunlar ancaq dişi qarışqalar yumurtladığı yumurtalara gözətçi və sonra yumurtadan çıxan balalara dayə və qulluqçu olurlar.
Uşaq:
— Bəs sizin eviniz və eşiyiniz varmı?
Qarışqa:
— Aha, var! Bax, bu gördüyün ovuntu torpağı yerin altındakı evimizdən çıxarıb bayıra atmışıq. Evimiz neçə qat və neçə gözdür. Keçən qış evimizdə dustaq qaldıq. Qışdan qorxuruq, qış fəslində yer özünə həsrət oluruq.
Uşaq:
— Bəs yerin altında nə yeyirsiniz?
Qarışqa:
— Əzizim, ehtiyatlıyıq, öz işimizi bilirik. Qış fəslində nə qədər yeyəcəyimiz lazımdırsa, onu yay fəslində yığıb-yığışdırırıq. Biz çox nizamli və səliqəliyik. Bizim aramizda dava, qeylü-qal və gurultu olmaz. Tənbəllik, oğurluq və quldurluq bilmərik. Böyüklərimizin sözünə baxib, hər vaxt itaətlərində olarıq. Öz rahatlığımız və xoşbəxtliyimiz üçün lazım olan qulluqları cümləmiz əlbir olub yerinə yetiririk.
Uşaq bu sözləri eşitdikcə fikrə gedib gözü yol çəkirdi. Azca qabaq etdiyi pis əməldən tövbə etdi. Əlindəki dəyənəyi atıb qarışqalardan üzr istədi, günahının bağışlanmasını xahiş elədi. Nəhayətdə bu uşaq əməlisaleh bir insan oldu.
Rəşid bay Əfəndiyev
AYI VƏ QARIŞQA
(Nağıl)
Ayı bulaqdan doyunca su içib kənarda oturdu. Donquldanıb dedi:
— Ay canım, nə yeyim?
Birdən balaca bir qarışqa görüb sevindi.
— Hə, səni yeyəcəyəm!
Qarışqa qorxdu, tez qızılı yarpağın arasında gizləndi. Ayı yarpağı qaldırıb qarışqanı götürdü.
Qarışqa soruşdu:
— Məni nə üçün yemək istəyirsən?
— Səni də, bütün ailəni də yeyəcəyəm. Bilmirsən ayılar qarışqa yeməyi xoşlayırlar? Sizin nəslinizi kəsəcəyəm.