— Xeyr, elə bir işə razı olmaram.
Onun bu cavabının qarşısında qarışqanın:
— Bəs belə olan surətdə bir dəyənəklə bir tayfadan bu qədər cana qıymaq və həlak eyləmək nə səbəbdən xoşuna gəldi? — sualı qarışqa ilə uşağın söhbətinə səbəb oldu:
Uşaq:
— Sizlər də bizlər kimi nəsil və oymaq hesab olunursunuzmu?
Qarışqa:
— Şübhəsiz! Sizlərin nəsil və oymağı on-on beş nəfərdən ibarət bir ailə hesab olunur. Amma bizimki yeddi və səkkiz yüz, bəlkə, min-min beş yüz nüfusdan ibarətdir.
Uşaq:
— Sizin də ata-ananız, qardaşınız və bacınız, çolum-çocuğunuz olurmu?
Qarışqa:
— Əlbəttə, olur! Bu gördüyün qarışqaların bəzisi ata, bəzisi ana və bəzisi də analıq ilə atalıq arasında olan bir sayaq kəslərdir ki, insanlar arasında olmazlar.
Uşaq:
— Aman, aman! Bunu qana bilmədim.