Tülkü ətdən doyunca yedi. Şir səhərə qədər yatdı, ayılmadı. Səhər gözünü açıb gördü, əl-ayağı hələ də bağlıdır, dedi:
— Tülkü lələ, gəl əl-ayağımı aç.
Tülkü dedi:
— Hara açıram, ətin hamısını yeməmiş açmayacağam.
Şir bir-iki gün də gözlədi, tülkü o qədər yemişdi ki, porsuğa dönmüşdü. Şir nə qədər dedisə, tülkü onun əllərini açmadı.
Axırda şir bağırsağı qırmaq istədi. Hər dəfə güc verib əllərini tərpətdikcə qurumuş bağırsaq məftil kimi ətini kəsib, sümükdə dayandı. Şir çox çalışdı, çapaladı, əlini aça bilmədi. Axırda cin vurdu beyninə, üzünü tülküyə tutub dedi:
— Ay namərd, mən səni aclıqdan qurtardım, sən gör mənə neylədin. Əgər əlimi aça bilsəm, gör sənə nə eləyəcəyəm.
Şir o qədər qəzəblənmişdi ki, nərəsi meşəni götürmüşdü.
Elə bu vaxt yaxından bir çaqqal keçirdi. O, şirə yaxınlaşıb əhvalatı öyrəndi. Şir başına gələnləri ona söylədi.
Çaqqal dedi:
— Şir qardaş, heç darıxma, mən bu saat sənin əl-ayağını açaram.
Çaqqal bir xeyli əlləşib dişi ilə bağırsağı kəsdi. Şir ayağa qalxdı, ətrafa göz gəzdirdi, tülkünü görmədi. O qaçıb gözdən itmişdi. Tülkünün şirə xəyanət edib hiylə ilə onun əl-qolunu bağlaması, çaqqalın isə onu xilas etməsi şirə çox təsir elədi.
Öz-özünə dedi: “Mən bütün heyvanların ən güclüsü olduğum halda, bir tülkü gür başıma nə oyun gətirdi?!”
Odur ki gecə-gündüz axtarıb tülkünü tapdı, elə bir nərə çəkdi ki, tülkünün qorxudan ürəyi partladı. Şir dedi:
— Namərdlərin axırı bax belə olur.