— Bəs neyləyim ki, sən yeyəsən?
Tülkü dedi:
— Onda gətir əl-ayağını bağlayım, sonra arxayın yeyim.
Şir razı oldu. Tülkü ölmüş heyvanın bağırsaqlarını çıxardıb şirin əl-ayağını möhkəm bağladı, özünü də günün qabağına uzadıb dedi:
— Şir qardaş, sən bir az yat, mən tamam arxayın olum.
Şir başladı mürgüləməyə, amma tülkü yenə də yemədi. Şir hələ yuxuya getməmişdi, odur ki dedi:
— Bəs indi niyə yemirsən?
Tülkü dedi:
— Sən yuxuya getməyincə yeməyəcəyəm.
Tülkü gözləyirdi ki, bağırsaq qurusun, çünki o quruduqca bərkiyirdi. Tülkü o qədər gözlədi ki, bağırsaq günün altında quruyub dəmir kimi möhkəm oldu. Bu müddətdə şir də yuxuya getdi.