QARANQUŞ ƏFSANƏSİ
Deyirlər ki, qədimdə bir padşah var imiş. Həmin padşahın gözünün ağıqarası, ciyərparası Bahar adlı bir qızı var imiş. Nə gözəllikdə, nə də ağılda onunla bəhsə girməyə heç kim cəsarət etməzmiş. Hökmdarın sarayına bir-birindən hörmətli, bir-birindən dövlətli elçilər gəlir. Onlar padşahla qohum olmaq arzusunda olduqlarını bildirirlər. Ancaq padşahın qızı heç kimə könül vermir. Padşah haçandan-haçana öyrənir ki, Baharın onun qoyun sürüsünü otaran çobanından xoşu gəlir. Qızın şahlığa ləkə gətirən hərəkəti padşahı bərk qəzəbləndirir. Vəzir ağıllı tədbiri ilə hökmdarını sakitləşdirir:
— Qibleyi-aləm, səni yandıranı sən dondurmalısan. Öz yerini, öz həddini, öz tay-tuşunu tanımayan layiqli cəzaya çatmalıdır. Amansız qışın lap oğlan çağıdır. Geciksən, Bahar onu xilas edər.
Şahın əmrilə qoşundan bir dəstə ayrılır. Başda padşah və vəzir olmaqla yola düşürlər. Axşamdan yağan qar hər tərəfi ağ yorğana bürümüşdü.