Xanım, ayağa dursana,
Boşqabı doldursana,
Yük dibinə varsana,
Boşqabı doldursana,
Xıdırı yola salsana.
Uşaqlara qovutdan, boyanmış yumurtalardan, ərik, əncir, alma, armud qurusundan pay verdilər. Pay verməyəni yenə də elə “Xıdır Nəbi” nəğməsi ilə yamanladılar:
Çatma, çatma, çatmaya,
Çatma yerə batmaya,
Xıdır payın kəsənin,
Ayağı yerə çatmaya.
Beləcə Kiçik Çillənin iyirmi günlük ömrü qurtardı. Lovğa-lovğa gələn Kiçik Çillə suyu süzülə-süzülə geri qayıtdı. O da yolda sonbeşikləri Boz Ayla qarşılaşdı.
Boz Ay baxdı ki, özündən böyük qardaşı Kiçik Çillənin qanı yamanca qaradı. Hirsindən az qalır ürəyi partlasın. Dedi:
— Əziz qardaşım Kiçik Çillə, sən də böyük qardaşımız Böyük Çillə kimi insanların yanına xoş niyyətlə getməmişdin. Elə ikiniz də asaram-kəsərəm deyirdiniz. Amma indi baxın, görün mən gedib nə eləyəcəyəm. Mən adamlar üçün bayram aparacağam. Əkinləri cücərdəcəyəm. Çöllərdə, düzlərdə ot-ələfi göyərdəcəyəm. Bağ-bağçalarda göl-çiçək açdıracağam.
İki qardaş xudahafizləşib ayrıldı. Boz Ay el-obaya gəldi. Bir ay ömrü olan, Bahar—Novruz
bayramı gününəcən yaşayan Boz Ay başladı hər çərşənbədə bir iş görməyə. Havaları qızdırdı. Suların şaxını sındırdı. Ağacları yuxudan oyatdı. Torpağın canını isitdi. Adamlar torpağın istiləşdiyini görüb onu şumlamağa, əkin-biçinə hazırlaşmağa başladılar.
Boz Ayın çərşənbələrində həyətlərdə tonqallar yandırıldı. Adamlar “ağırlığım-uğurluğum tökülsün”, — deyib bu tonqalın üstündən hoppanmağa başladılar.