Adamlar səməni halvasından yeyir, canları qızışır. Böyük Çillənin qar-soyuğunu veclərinə də almayıb elə öz işlərini görürdülər.
Qırx gün qurtardı. Böyük Çillə kor-peşman geri qayıtdı. Yolda soyuq ayın — fevralın lap başlanğıcında ortancıl qardaşı Kiçik Çilləyə rast gəldi. Hal-əhval tutdular. Kiçik Çillə soruşdu:
— Hə, qardaş, de görək, getdin nə iş gördün?
Böyük Çillə dedi:
— Təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.
Kiçik Çillə dedi:
— Eh, heç nə eləməmisən ki. Bax, indi gör, mən gedib nələr edəcəyəm. Qarıları təndirin ağzından salıb, külfəsindən dartıb çıxaracağam. Zəhmimdən uşaqlar tir-tir əsəcəklər. Çuvalları, küpləri bomboş boşaldacağam. Qazanları ağzı üstə çevirəcəyəm.
Böyük Çillə dedi:
— Çox da öyünmə. Sən insanları tanımırsan. Mən qırx günlük ömrümlə bir iş görə bilmədim. Sənin isə cəmi-cümlətanı iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç yel də olub onların yanından ötə bilməzsən.
Kiçik Çillə böyük qardaşından ayrılıb haray-həşir qopara-qopara, boranla, dumanla el-obaya hücum çəkdi. Elə bil dünyanın axırıydı.
Böyük Çilləni damba-durumbla yola salan adamlar heç Kiçik Çillənin də belə əsib-coşmasından qorxub çəkinmədilər. Tez “Xıdır Nəbi” mərasiminə tədarük görməyə başladılar. “Xıdır Nəbi” mərasimi qışın ən soyuq günü sayılan Kiçik Çillənin onuncu günü keçirilir. Adamlar buğda qovurub, əl dəyirmanında üyüdüb qovut elədilər. Xaşıl, quymaq bişirib yağla, doşabla, sarıköklə yedilər. Canları qızışdı. Kiçik Çillənin soyuğundan qorxmadıqlarını bildirmək üçün yaydan saxladıqları “Çillə qarpızı”nı da kəsdilər. Qaynadılmış yumurtaları bahar, günəş oxşarı kimi yaşıl, qırmızı rənglə boyadılar.
Uşaqlar da axşam qaranlıq düşəndə həyətləri gəzib bacalardan qurşaq, torba salladılar. “Xıdır Nəbi” mərasimi nəğmələrindən oxudular: