Oxunun təşkili yolları
Heç olubmu ki, bir mətni dəfələrlə oxuyasınız, amma mənasını başa düşməyəsiniz? Yaxud hər hansı bir mövzuda inşa yazmaq üçün nə qədər düşünsəniz də, lazım olan fikirlər ağlınıza gəlməsin? Əgər siz oxu və yazının təşkili yollarını bilsəniz, belə çətinliklərlə qarşılaşmazsınız.
İlk növbədə, mətnin xüsusiyyətlərinə fikir vermək lazımdır. Mətn var ki, orada hər hansı hadisə nəql edilir, mətn var ki, orada əşya və ya hadisə təsvir edilir. Elə mətnlər də var ki, orada aparılan araşdırmalarm nəticələri əks etdirilir. Oxucu əvvəlcə mətnin xüsusiyyətini müəyyənləşdirməli, sonra oxuya və ya yazıya başlamalıdır.
Oxunması nəzərdə tutulan bütün mətnləri düşünərək oxusanız, orada yazılan hər şeyi başa düşərsiniz. Fikirləşirsiniz ki, bunu necə etmək olar? Çox asan. Mətni yaxşı başa düşmək üçün oxuya hazırlaşmalısınız. Sınanmış üsullardan istifadə etməlisiniz ki, oxuduğunuzu başa düşə biləsiniz. Oxuyandan sonra isə aldığınız məlumatın üzərində işləməlisiniz. Gəlin bütün bunları necə etməyin yolları ilə daha yaxından tanış olaq.
Tapşırıq 1. Ələmdar Quluzadənin “Alim və quldur” hekayəsini oxumazdan əvvəl aşağıda göstərilən ardıcıllıqla oxuya hazırlıq işi aparın. “Oxu zamanı” başlıqlı təlimatla da tanış olandan sonra mətnin oxusuna başlayın. Oxuyarkən çərçivələrdə verilmiş suallar üzərində düşünün.
Düşünən oxucunun əlində sadə karandaş olmalıdır. Yeri gəldikcə qeydlər aparmaq üçün bu, çox lazımdır. İstənilən dəftərxana mağazasında yapışqanlı, kiçikölçülü rəngli kağızlar satılır. Hər hansı qeyd aparmaq üçün həmin rəngli qeyd vərəqlərini kitabda istədiyiniz yerə yapışdırıb, üzərində karandaşla öz qeydlərinizi yaza bilərsiniz. Sonra onları kitabdan asanlıqla qoparmaq olur.