Əsərin bu hissəsində əsas obrazın məqsədi, hədəfi tam məlum olur və o, məqsədinə çatmaq üçün çalışır. Kiçik çətinliklər ilkin mərhələdə onun uğur qazanmasına maneçilik törədir və o, qüvvəsini həmin çətinlikləri aradan qaldırmağa yönəldir. Əsərdə əsas obrazın hər kiçik çətinliyi necə aradan qaldırdığı əks etdirilir. Yalnız bundan sonra əsas obraz öz böyük məqsədlərinə doğru addımlar atmağa başlayır. Bu da ikinci hissənin başa çatmasından xəbər verir.
Bu hissədə hadisələrin inkişafı ən yüksək nöqtəyə çatır. Burada baş verən hadisələrin nəticələri əsas obrazın qəbul etdiyi qərardan çox asılıdır. Əsas obrazın əks tərəfə münasibəti dəqiqləşir. Qarşı tərəflərin mübarizə planları aşkar olunur. Burada əsas obrazın qəbul etdiyi qərarlar onun insani keyfiyyətlərini üzə çıxarır. Bu da onun aqibətini müəyyən edir.
Ziddiyyətin açılması əsərin ən gərgin hissəsidir. Bu hissədə şər qüvvələr xeyir qüvvələrə üstün gəlir. Oxucu elə hiss edir ki, şər qüvvələr qalib gələcək. Əsas obraz qələbədən çox uzaq görünür. Qələbənin çətinliklə əldə edilməsi əsas obrazların müxtəlif üstün cəhətlərini vurğulayır. Lakin bu cəhətlərdən hansının onun qələbəsinə daha çox yardım edəcəyi oxucuya hələ də məlum olmur.
Bu hissədə əsas obrazın əks tərəflə son qarşıdurması verilir. Burada xeyir qüvvələr şər qüvvələr üzərində tam qələbə çalır. Hadisənin nə üçün məhz bu cür baş verməsi, onun nə məna verməsi, gələcəkdə baş verənlərin nə ilə nəticələnəcəyi oxucunu düşündürür.
Tapşırıq 1. “Çillələr” əfsanəsini oxumazdan əvvəl hazırlıq işləri aparın. Mətndəki hadisələri və onların ardıcıllığını müəyyən edin. Səh. 107-də verilən sxemi dəftərinizə və ya çap vərəqinizə çəkin. Xüsusiyyətlərini nəzərə almaqla hadisələri ardıcıllıqla yerləşdirin. Nəticəni əks etdirən vərəqləri müəllimə təhvil verin, yaxud nəticələrinizi yoldaşlarınıza təqdim edin.