Yazıq Balaca bilmədi ki, neyləsin. Əslində, dənizdə üzmək olduqca çətinmiş. Sən bu tərəfə üzmək istəyirsən, dalğalar səni başqa səmtə tullayır. Bir sözlə, üzgəclər sözünə çətin baxır. Deməli, taleyin olur dalğaların əlində. Balaca akvariumdakı günlərini xatırladı. Günlər bir-birinə oxşasa da, akvariumda yaşamaq olduqca asan idi. Amma dənizdə yaşamaq hər oğulun işi deyilmiş...
Birdən qaçaqaç düşdü. Balaca gözlərini açana kimi iri bir Naqqa balığı onu diri-diri uddu.
Balaca gözlərini açanda bir şey başa düşmədi. Sonra yavaş-yavaş Naqqa balığının onu necə udduğunu xatırladı. Amma başa düşə bilmədi ki, buraya — iri və yaraşıqlı akvariuma necə düşüb. Yəqin ki, Naqqanı elə həmin andaca balıqçılar tutub və kürüsünü çıxarmaq üçün qarnını yarıblar. Hiss ediblər ki, Balaca hələ ölməyib. Onu suya salıb dirildiblər. Axı Balaca nə qədər böyüsə də, akvarium balığı olduğu o saat bilinirdi. Onu akvariuma saldılar. Bununla da Balacanın yeni həyatı başlandı. Balaca başına gələnləri akvariumdakı balıqlara danışdı. Kimsə dilləndi:
— Nə yaxşı ki biz akvarium balığı olmuşuq.
Balaca köksünü ötürdü:
— Əgər balacaları yeyən balıqlar olmasa, dənizdə yaşamaq olduqca yaxşıdır.
Akvariumdakı balıqlar öz xoşbəxtliklərindən ağızdolusu danışsalar da, onların hər biri heç olmasa bircə dəfə dənizdə olmağı arzulayırdılar. Amma bu barədə, dillərinə bir kəlmə də gətirmirdilər.
Zahid Xəlil
Tapşırıq 3. Oxudan sonra düşünün. Yazıçı bu əsərdə oxucusuna nə demək istəmişdir?
Ev tapşırığı. “Akvarium balığı” hekayəsini oxuyun. Əsərə yenidən nəzər salın.
1. Mətni təşkil edən ayrı-ayrı hadisələri müəyyən edin və onlara başlıq verin.
2. Daha çox əlaqəli hadisələri qruplaşdırın.
3. Səhifə 101-də verilmiş sxemlərdən hansına uyğun gəldiyi üzərində düşünün.
4. Sxemi dəftərinizə çəkin və boşluqları doldurun.