Xallı ilə Balaca yavaş-yavaş yoğun balığın ov yerinə yaxınlaşdılar, gözlədilər ki, balıq bir də suyun üzünə çıxsın. Elə suyun üzünə çıxan kimi sürüşüb keçməyə başladılar. Sən demə yoğun balıq özünü qəsdən görməməzliyə vururmuş. Xallı ilə Balaca onun tuşuna çatanda qəfildən üstən aşağı cumdu. Onlar əvvəl özlərini itirdilər. Az qaldılar ki, düz yoğun balığın üstünə üzsünlər. Amma bu, bir anlıq oldu. Yoğun balığın onlara çatmasına hələ iki metr qalmış Xallı qışqırdı:
— Balaca, qaç!
Onlar sürətlə çayaşağı üzməyə başladılar. Bu hadisədən sonra üç gün onlar heç bir düşmənə rast gəlmədilər. Bu üç gün ərzində Xallı xeyli yekələşmişdi. Bumu və üzgəcləri bir az da uzanmışdı. Balaca öz üzgəclərinə baxıb məəttəl qaldı. Deyəsən, axı onun da üzgəcləri böyüməyə başlayırdı.
— Xallı, bir bax, deyəsən, axı mən də yavaş-yavaş böyüyürəm.
— Boş-boş danışma. Akvarium balıqları heç zaman böyümür.
Balaca həm də fikirləşirdi ki, axı niyə belə olsun. Çay yaşamaq üçün yaxşıdı, amma hər dəqiqə təhlükəsi var. Akvariumda təhlükə deyilən şey yoxdur, amma orada yaşamağa dəyməz. Eyni şeyə gündə nə qədər baxmaq olar?
Beləcə fikirləşirdi və birdən gözləri öz üzgəcinə sataşdı. Deyəsən, üzgəcləri əməlli-başlı böyümüşdü.
Xallının da gözü birdən Balacaya sataşdı və heyrətlə qışqırdı:
— Balaca, sən əməlli-başlı böyümüsən! Bir bax, üzgəclərin də, lap elə quyruğun da xeyli böyüyüb.
Balaca sevindiyindən bir neçə dəfə o tərəf-bu tərəfə üzdü. Xallı dedi:
— İndi mən başa düşürəm ki, çayda və dənizlərdə yaşayan balıqlar niyə sürətlə böyüyür. Onları belə böyüdən hər addımbaşı rast gəldikləri təhlükədir. Böyüyürsən ki, düşməninə qalib gələ biləsən.
Balacanın qulağına uğultuya oxşayan bir səs gəldi. Elə bil nəhəng bir balina nərə çəkirdi. Xallı qışqırdı:
— Çatmışıq. Çay burada dənizə tökülür. Ləpələrin uğultusunu eşidirsənmi?
— Əlbəttə, eşidirəm! — deyə Balaca da eyni sevinclə qışqırdı. Amma ləpələrin uğultusundan qorxduğunu demədi.
Dəniz onları elə bil ki, sorub qoynuna aldı və Balaca bir də gözünü açıb gördü ki, Xallı yoxdur. Dalğalar onların hərəsini bir tərəfə atmışdı.