— Balaca qalmaq ona görə yaxşıdır ki, səni balıqçı qarmaqları, cürbəcür torlar gözləmir. Amma məni bir az böyüyən kimi yağda qızardacaqlar. Ondan sonra səsim heç yana çatmayacaq.
Balacanın başı fırlandı. Onun qətiyyən ağlına gəlmirdi ki, insanlar balıq əti yeyə bilər.
Əlbətdə, Xallının dedikləri nə qədər qorxulu olsa da, Balaca dənizə çıxmaq arzusunu bir an da yaddan çıxartmırdı. Bir dəfə hansı xeyirxah uşaqsa akvariumu aparıb çaya boşaltdı. Balıqlar
bunu gözləmədiklərinə görə qorxuya düşdülər. Özlərinə gələndə gördülər ki, çay onları axıdır. Xallı sinəsi ilə Balacanı birtəhər suyun burulan yerinə gətirdi. Başqa balıqları su aparmışdı.
Xallı dedi:
— Məndən bir addım da uzaqlaşma. Bura akvarium deyil. Qarmağa ilişdin, batdın.
— Bura bax, — deyə Balaca soruşdu. — Axı heç danışmadın, necə oldu ki, gəlib akvariuma düşdün? Niyə dənizdə yaşamadın?
Xallı qaşqabağını tökdü.
— Bura nağıl danışmaq yeri deyil. Sadəcə olaraq tora düşdüm. Amma balaca olduğuma görə bir qırağa atdılar. Balaca bir uşaq məni gətirib sizin yanınıza atdı, vəssalam... İndi başını aşağı salıb özünə yemək axtar. Acından ölərsən.
— Belə çıxır ki, akvarium çaydan yaxşı imiş. Orada yedizdirir, suyumuzu tez-tez dəyişdirirlər. Nazımızla oynayırdılar. Amma burada hər şeyi gərək özün axtarasan. Belədirsə, akvariumu niyə bəyənmirdin?
— Bilirsən, — deyə Xallı onun suallarına səbirlə cavab verməyə başladı. — Burada hər dəqiqə bizi təhlükə gözləyir. Amma hara istəsək, üzüb gedə bilərik. Yəqin ki, bu çay hansı bir dənizəsə tökülür. Günlərin birində bir də gözümüzü açıb görəcəyik ki, dənizdəyik. Özünü bütün yekə balıqlardan qoru. Böyüklər balacaları yeyir. Bu, dəniz qanunudur.
Xallı sözünü yarımçıq kəsib dayandı. Balaca özünü saxlaya bilməyib xeyli irəli üzsə də, axır ki, dayana bildi. O, deyəsən, çətinlik çəkirdi.
- Niyə dayandın? — deyə Xallıdan soruşdu. Xallı gözü ilə qabağı göstərib dedi:
— Qabaqda təhlükə var. Biz onun yanından ehtiyatla keçməliyik.
Balaca qabağa baxırdı. Yoğun bir balıq çayın lap sahilində dayanıb teztez başını sudan çıxarıb yenə də suya girirdi. Sonra yenə də ordunu su ilə doldurub çayın üzünə çıxdı.