HİKMƏT ZİYA. “SEVİMLİ MƏKTƏB”
Günəşin şəfəqində
Yuyunanda çöl-çəmən,
Xoş ətrini yayanda
Hər yana gül-yasəmən,
Atlaz don geyinəndə
Zirvəsi qarlı dağlar,
Şırhaşırla axanda
Sərin sulu bulaqlar,
Axşam, ya sübh çağında
Xəfif külək əsəndə,
Bağları yarpaqların
Pıçıltısı gəzəndə,
Köpüklənib coşanda
Göy suları Xəzərin...
Dincəldik biz fərəhlə
Qoynunda ağ günlərin.
Dənizdə qağayıtək
Qanad açıb üzdük biz,
Bu diyarı səyyahtək
Oymaq-oymaq gəzdik biz.
Keçdik sıx meşələrdən
Gen düzləri dolaşdıq,
Neçə gur çay addayıb,
Neçə dərədən aşdıq.
Kəmənd atıb dırmandıq
Sıldırım qayalara,
Arxamızda çantamız
Üz qoyduqsa biz hara -
Göy yamaclar, örüşlər,
Bu yerin dağı-düzü...
Əlvan mənzərəsiylə
Oxşadı qəlbimizi.
Ana məktəb, indi də
Gəlirik, aç qoynunu.
Bağrına bas yenə sən
Öz qızını, oğlunu!
Fərəh dolu günlərdən
Yeni qüvvət alaraq
Dönürük biz yanına
Alnıaçıq, üzüağ.
Arzumuzu bilirsən;
Ucalt, sevimli məktəb,
Bir pillə də bizi sən!