Şuşa qalası Qarabağ xanlığının iqtisadi, siyasi mərkəzinə çevrildi. Burada əhalinin məşğuliyyəti əkinçilik, maldarlıq və sənətkarlıq idi. Xalçaçılıq, toxuculuq, dulusçuluq, silahdüzəltmə, misgərlik və b. sahələr inkişaf etmişdi. Qarabağ xalçaları gözəl və incə naxışları ilə şöhrət qazanmışdı. Qarabağ xanlığında Pənahəli xanın dövründə zərbxanada* pul da kəsilirdi. Bu pul «Pənahabadi» adlanırdı.
19-cu yüzilliyin əvvəllərində Azərbaycan torpaqlarının işğalına başlayan Rusiya Qarabağa xüsusi maraq göstərirdi. Çar generalları Qarabağı “Azərbaycanın qapısı” adlandırırdılar. 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Qarabağ Rusiya imperiyası tərəfindən işğal edildi.
Bu müqavilədə ermənilərlə bağlı heç bir şərt yox idi. Məhz bu amil həmin dövrdə Qarabağda ermənilərin yaşamadığını göstərir. Qarabağın Azərbaycan xalqına məxsus olduğunu sübut edir.
Tarixin ən qədim zamanlarından başlayaraq Qarabağın əhalisi xalqımızın ulu babaları olan türk tayfalarından ibarət idi. Çar Rusiyasının işğalı nəticəsində Qarabağın əhalisinin etnik tərkibi dəyişdi.
*Zərbxana — pul kəsilən yer