Bu müharibədə öz şücaəti ilə şöhrət qazanmışdı. Nadir şahın ölümündən sonra Qarabağı müstəqil xanlıq elan etdi. Xanlığı müdafiə etmək üçün əvvəlcə Bayat və Şahbulaq qalalarını tikdirdi, Şuşada daha möhtəşəm qala tikilməsi üçün göstəriş verdi.
1757-ci ildə xanlığın mərkəzi Şuşa qalasına köçürülmüşdü. Bu qala onu tikdirmiş Pənah xanın şərəfinə «Pənahabad» adlandırıldı. Sonralar bu qala yenə də Şuşa qalası kimi tanındı.
Şuşa şəhərinin bu cür adlanması həmin yerlərin uca, şiş dağların zirvəsində yerləşməsi ilə bağlıdır. Ölkəmizin ən gözəl şəhərlərindən biri olan Şuşa son dərəcə təmiz havası, gözəlliyi, nadir bulaqları ilə də məşhurdur. Şuşa şəhərində şairə Xurşidbanu Natəvanın, general Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün ev-muzeyləri, Qala divarı və s. tarixi və mədəni abidələr vardır.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qalanın tikilməsində çay daşlarından və əhənglə yumurta sarısı qarışığından istifadə edilmişdir. Qalanın üç qapısı var. Qala dəfələrlə düşmənlər tərəfindən mühasirəyə alınsa da, onu işğal etmək çətin olurdu.