§ 26. “Azərbaycanın qapısı”— Qarabağ xanlığı
Şuşa Vətənimizin dilbər guşəsi olan Qarabağın dağlıq hissəsində sıx meşələrin, büllur kimi saf bulaqların əhatəsində yerləşir. Şuşanın tarixi çox qədimdir. Alimlər Şuşada və onun ətrafındakı yerlərdə tarixin ən qədim dövrlərinə aid çox qiymətli maddi tapıntılar aşkar etmişlər.
18-ci yüzilliyin ortalarında Qarabağda müstəqil bir dövlətimiz yaranmışdı. Bu dövlət Qarabağ xanlığı adlanırdı. Qarabağ xanlığının əsasını Pənahəli xan qoymuşdu. O, Qarabağın qədim Cavanşir tayfasının qəhrəman oğullarından biri idi. O, böyük Azərbaycan sərkərdəsi Nadir xan Əfşarın Azərbaycan torpaqlarını azad etmək uğrunda mübarizəsində yaxından iştirak etmişdi.