Sonralar Hacı Çələbi Məlik Nəcəfin xalqa etdiyi zülmün artdığını görüb üsyan qaldırdı və onu cəzalandırdı. Bu xəbəri eşidən Nadir şah Şəkiyə yürüş etdi. Onun qoşunu Şəkini mühasirəyə aldı. Hacı Çələbinin başçılıq etdiyi Şəki əhalisi «Gələsən-görəsən» adlı məşhur qalaya çəkildi. Üç illik mübarizədən sonra Nadir şah Hacı Çələbi ilə razılığa gəldi və onunla müqavilə bağladı. Əslində, bu, müstəqil Şəki xanlığının meydana gəlməsi demək idi. Nadir şaha qarşı üsyan nəticəsində yaranmış Şəki xanlığı Azərbaycanın ilk müstəqil xanlığı idi.
Bir qədər sonra Nadir şah Əfşar sui-qəsd nəticəsində öldürüldü. Onun dövləti dağıldı. Azərbaycan torpaqları kiçik dövlətlərə — xanlıqlara parçalandı. Bu isə torpaqlarımızı işğal etmək istəyən qonşu dövlətl ərin hücumlarına səbəb oldu. Bunun qarşısını almaq istəyən Hacı Çələbi xan Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi.