§ 25. İLK MÜSTƏQİL AZƏRBAYCAN XANLIĞI
18-ci yüzillik idi. Bu zaman Azərbaycan və qonşu ölkələr Nadir şah Əfşarın hakimiyyəti altında idi. O, Azərbaycan torpaqlarını yadellilərdən azad etmiş və qüdrətli bir dövlət yaratmışdı. Lakin Nadir şahın ayrı-ayrı vilayətlərə hakim təyin etdiyi bəzi məmurlar özbaşınalıq edirdi. Əhalinin
üzərinə ağır vergilər qoyulurdu. Bu məmurlardan biri də Şəki hakimi Məlik Nəcəf idi. Şəki əhalisi onun zülmündən cana doymuş, Nadir şaha dəfələrlə şikayət etmişdi. Lakin heç bir nəticəsi olmamışdı. Zülmdən təngə gələn Şəki əhalisi öz narazılığını, şikayətlərini Nadir şaha çatdırmağı Hacı Çələbiyə həvalə etdi. Hacı Çələbi xalqın narazılığını və Məlik Nəcəfin özbaşınalıqlarını Nadir şahın hüzurunda cəsarətlə bildirdi. Onun cəsarətinə heyran qalan Nadir şah Hacı Çələbini özünə Şəki üzrə vəkil təyin etdi. Bundan narazı qalan hiyləgər Məlik Nəcəf Hacı Çələbini cəzalandırmaq üçün fürsət gözləyirdi. Nəhayət, Məlik Nəcəf Nadir şahı inandırır ki, Hacı Çələbi şahın tapşırıqlarının yerinə yetirilməsinə mane olur. Bundan qəzəblənən Nadir şah Hacı Çələbini hüzuruna çağırdı.