O, yoxsul bir ailədə anadan olmuşdu. Ulu babalarımızdan olan Əfşar türklərinin içərisindən çıxmışdı. Fitri istedada malik idi. Çətin həyat və keçdiyi döyüş yolu ona böyük həyat dərsi vermişdi.
Nadir əvvəllər Səfəvilər dövlətinin sərkərdələrindən biri olmuşdu. Düşmən üzərində qazandığı parlaq qələbələr, torpaqların işğaldan azad edilməsi ona böyük nüfuz qazandırmış, xalqın ona inamını artırmışdı. O, böyük hərbi sərkərdə, cəsur döyüşçü olmaqla yanaşı, bacarıqlı diplomat idi. Məhz onun diplomatik bacarığı sayəsində rus qoşunları heç bir müharibəsiz Xəzərsahili bölgələri tərk etmişdi. Torpaqlarımızın böyük bir hissəsi qan tökülmədən azad olunmuşdu.
Nadir şah öz hakimiyyətini hərbi qələbələrlə daha da möhkəmləndirmək istəyirdi. Ona görə də vaxtilə Azərbaycanın sərhədlərini pozan, yurdumuza basqın edən qonşu ölkələrə hərbi yürüşlər edirdi. O, əldə edilən hərbi qənimətlər hesabına ölkənin iqtisadiyyatını bərpa etmək istəyirdi. Nadir şahın məşhur yürüşlərindən biri də Hindistana olmuşdur. Bir çox cahangirlərin, fatehlərin arzusu olan Hindistan Azərbaycan sərkərdəsi Nadir şah tərəfindən fəth olundu.
Nadir şah ölkənin dəniz sərhədlərinin müdafiəsini təşkil etmək istəyirdi. Ona görə də Xəzər dənizində güclü hərbi donanma yaratmaq istəyirdi. Bu məqsədlə Avropadan mütəxəssislər gətirilmişdi.
Nadir şah islam dini daxilində parçalanmaya, ixtilaflara son qoymaq istəyirdi. Bu məqsədlə dövrün digər qüdrətli türk müsəlman dövləti olan Osmanlı hökmdarına məktub yazmışdı.
Nadir şah tabe etdiyi xalqların dilinə, dininə və adətlərinə hörmətlə yanaşırdı. Satqınlara və xainlərə nifrət edir, onlara ağır cəzalar verirdi. Nadir şah elan olunsa da, bəzi hakimlər, tayfa başçıları onu qəbul etmək istəmirdi. Səfəvilərin hakimiyyətini bərpa etmək istəyirdilər. Onlardan biri də Qarabağ bəylərbəyi idi. Nadir şah Qarabağ bəylərbəyini cəzalandırmaq üçün Qazax və Borçalı ellərini o dövrdə özündən asılı olan gürcü hakiminin idarəsinə vermişdi.