Güclü qoşun yaratmaq üçün isə xəzinədə pul olmalıdır. Ona görə də vergiləri artırmağa məcbur olduq. Xalqa əziyyət verdik. Allaha çox şükür ki, məqsədimizə çatdıq. Allahın yardımı, sizlərin iti qılınclarınızın gücü ilə torpaqlarımızı azad etdik. Sərhədlərimizi bərpa etdik. Ölkəmizdə sülhü bərqərar etdik. Amma irəlidə görüləsi işlərimiz çoxdur. Böyük Azərbaycan səltənətini daha güclü dövlətə çevirmək lazımdır. Şahımız isə çox kiçikdir. Dövləti idarə etmək iqtidarında deyil. Məmləkətimizin zəifləməsinə imkan vermək olmaz. Təklif edirəm ölkəmizə yeni şah seçəsiniz''.
Bir neçə gün müzakirələr aparıldı. Müzakirələrdən sonra Nadirin şah seçilməsi qərara alındı. Beləliklə, 1736-cı ildə Muğanda çağırılan qurultayda Nadir xan Əfşar şah elan edildi və zəifləmiş Səfəvi sülaləsinin hakimiyyətinə son qoyuldu.