§ 23. ŞAİRLƏR SULTANI
Məhəmməd Füzuli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən böyük şairlərdən biridir. O, 1494—1556-cı illərdə yaşamış, Kərbəlada, Bağdadda təhsil almışdı. Bir müddət Azərbaycan Səfəvilər dövlətinin tərkibində olan Bağdad və Kərbəla şəhərləri müsəlman dünyasının elm mərkəzlərindən hesab olunurdu. Füzuli «Bəngü-badə» poemasını Şah İsmayıl Xətaiyə həsr etmişdi. O, Azərbaycan dilində gözəl şeirlər yazmışdı.
Füzuli həm də böyük alim idi. Dəqiq elmləri, ilahiyyatı və fəlsəfəni dərindən öyrənmişdi. Bir ingilis alimi onu «Şərqdən doğan Günəşə» bənzətmişdi.
Füzuli əsərlərini üç dildə — Azərbaycan, ərəb və fars dillərində yazmışdı. Onun əsərləri yalnız Azərbaycanın deyil, bütün Şərq ədəbiyyatının inciləri hesab olunur. Şairin yaradıcılığı digər türk xalqlarının ədəbiyyatına da böyük təsir göstərmiş, ədəbi məktəb yaratmışdı. Müasirləri onu «şairlər sultanı» adlandırırdılar. Onun əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur.
Osmanlı hökmdarı Sultan Süleyman Şərqə yürüşləri zamanı Bağdadı ələ keçirir. Bu zaman sultanla görüşən şair “Leyli və Məcnun” poemasını ona təqdim etmişdir. Dövrünün böyük hökmdarlarından olan Sultan Süleyman şairə ayda 9 axça (gümüş pul) məbləğində təqaüd də ayırmışdı. Bu məbləği ala bilməyən şair “Şikayətnamə” əsərini yazır.