Türk dünyasının iki böyük hökmdarı — Şah I İsmayıl və Osmanlı sultanı I Səlim üz-üzə gəldi. Onların bir-birinə güzəşt etməməsi tarixin ən böyük qardaş qırğınlarından birinə səbəb oldu.
1514-cü ilin avqustunda Çaldıran düzündə qanlı döyüş baş verdi. Bu döyüşün məğlubu türk dünyası, qalibi isə Avropa diplomatiyası oldu. Bu döyüşlə bağlı bir rəvayət də var. Rəvayətə görə, döyüşün gedişində Şah I İsmayıl Osmanlı toplarının zəncirlərini qılınc zərbəsi ilə qırır. Sonralar Sultan I Səlim məktub yazaraq həmin qılıncı Şah I İsmayıldan istəyir. Şah I İsmayıl onun xahişini yerinə yetirir. Qılıncı ona bağışlayır. Sultan I Səlim bu qılıncla topların zəncirinə zərbə endirir, lakin zəncir qırılmır. Şah I İsmayıla növbəti məktubunda Sultan I Səlim qılıncın həmin qılınc olmadığını yazır. Şah I İsmayıl isə cavab məktubunda yazır: “Qılınc həmin qılıncdır, qol isə o qol deyil!” Qeyd etmək lazımdır ki, Sultan I Səlimin farsca yazdığı məktublara Şah I İsmayıl həmişə Azərbaycan dilində cavab yazmışdı.
Çaldıran döyüşü Şah I İsmayılın ilk və son məğlubiyyəti olur. Bu məğlubiyyəti qüruruna sığışdırmayan Şah I İsmayıl bir daha döyüşə girmir. Həyatı boyu bu məğlubiyyətin, qardaş qırğınının qarşısını ala bilməməyin əzabını çəkən İsmayıl 1524-cü ildə xəstələnir və vəfat edir. Onun vəsiyyəti bu olur — “Babalarımızdan bizə üç yadigar qalmışdır: dilimiz, qeyrətimiz, Vətənimiz. Yaxşı nə başlamışamsa, davam etdirin. Səhvlərimizi təkrar etməyin”.
Şah I İsmayıl Azərbaycan tarixində qüdrətli hökmdar, böyük dövlət xadimi, incəruhlu şair kimi iz qoymuşdur.
Dövlət quruculuğu | Mədəniyyət |