Nəticədə, əkinçilik, sənətkarlıq inkişaf etməyə başladı. Ticarət əlaqələri genişləndi. Elm və mədəniyyət tərəqqi etdi.
Gənc hökmdar Təbrizdə babası Həsən padşahın yaratdığı kitabxananı daha da zənginləşdirdi. Bu kitabxanadan nəinki yerli alimlər, həm də başqa ölkələrin alimləri istifadə edirdilər.
Şah I İsmayıl həmişə xalqının yaxşı yaşaması üçün çalışmış, qurduğu qüdrətli dövlətin çiçəklənməsi üçün əlindən gələni əsirgəməmişdir. Rəvayətə görə, Şah I İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib-dolaşar və xalqın dərdi-səri ilə maraqlanarmış. Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah I İsmayıl ağıllı məsləhətlərə qulaq asır, düzgün qərar çıxarmağa çalışırmış.
Avropa dövlətləri Səfəvilər dövlətinin güclənməsindən istifadə etməyə çalışırdılar. Onlar iki böyük türk dövlətini — Osmanlı və Səfəvi imperiyalarını bir-birinə qarşı vuruşdurmaq siyasəti yürüdürdülər. Onların məqsədi hər iki qüdrətli türk-müsəlman dövlətini zəiflətmək idi. Təəssüf ki, bu siyasət baş tutdu.