İlk zərbə Şirvanşahlar dövlətinə endirilir. Onun paytaxtı Bakı ələ keçirilir. Gülüstan qalası mühasirəyə alınır. Bu zaman Bayandurlu qoşununun onlar üzərinə hücum xəbərini eşidən İsmayıl sərkərdələrindən soruşur: “Sizə Gülüstan qalası, yoxsa Azərbaycan taxtı lazımdır?” Sərkərdələrin cavabı: “Əlbəttə, Azərbaycan” olur. Bu cavab İsmayıl və onun tərəfdarlarının vətənləri olan Azərbaycan uğrunda vuruşduğunu sübut edir.
Bayandurlu qoşununu məğlub edən Qızılbaşlar 1501-ci ildə təntənə ilə Təbrizə daxil oldular. İsmayıl özünü şah elan etdi. Beləliklə, Azərbaycanda qüdrətli Səfəvilər dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri oldu. Şah I İsmayıl ordusunun önündə gedərək nəinki Azərbaycan torpaqlarının böyük hissəsini birləşdirdi, həm də bir çox Şərq ölkələrini fəth etdi. Böyük və qüdrətli imperiya* yaratdı. Onun dövründə Azərbaycan Şərqdə ən qüdrətli dövlətə çevrildi. Ölkənin daxilindəki müharibələrə son qoyuldu. Şah I İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzusu və istəyindən irəli gəlirdi. O, ölkənin siyasi, iqtisadi və mədəni inkişafı üçün tədbirlər görmüşdür. Babası Həsən padşah kimi, Şah I İsmayıl da Avropa ölkələriilə iqtisadi və siyasi əlaqələr yaratmağa çalışırdı.
Onun hakimiyyəti dövründə Azərbaycan dili dövlət dilinə çevrilmişdi. Orduda, sarayda və xarici dövlətlərlə yazışmalarda Azərbaycan dilindən istifadə olunurdu.
Şah I İsmayıl dövlət xadimi və qəhrəman sərkərdə olmaqla yanaşı, incəruhlu şair idi. “Xətai” təxəllüsü ilə Azərbaycan dilində şeirlər yazmışdı. Səfəvilər dövlətinin yaranması mühüm hadisə idi.
*İmperiya — tərkibində müxtəlif ölkələri və xalqları birləşdirən güclü dövlət