§ 22. «...GÜLÜSTAN QALASI, YOXSA AZƏRBAYCAN?»
15-ci yüzilliyin axırlarında ölkə ayrı-ayrı feodal hakimlərin özbaşınalığı nəticəsində parçalanmış vəziyyətdə idi. Fasiləsiz müharibələr əkinçiliyin, sənətkarlığın və ticarətin inkişafına mane olurdu. Güclü və vahid dövlətin olmaması ölkənin düşmənlərdən müdafiəsini çətinləşdirirdi. Belə bir şəraitdə Səfəvilərin xalq arasında nüfuzu artırdı. Əhalinin çox hissəsi Səfəviləri müdafiə edir, onların vətəni xilas edəcəklərinə inanırdılar.
Səfəvilər və onların tərəfdarları başlarına 12 imamın şərəfinə 12 qırmızı zolaqlı çalma qoyurdular. Ona görə də onlar qızılbaşlar adlanırdılar. Hakimiyyət uğrunda mübarizədə Səfəvi hakimlərinin bir çoxu həlak oldu. Onların varisi İsmayıl hələ çox kiçik idi. Ona görə də İsmayıl qızılbaşlar tərəfindən bir müddət gizlədilir. Ona yüksək təhsil verilir. Hərb sənəti öyrədilir. Artıq 14 yaşına çatan İsmayıl Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə başlayır. Bu zaman Azərbaycanda Bayandurlu və Şrvansahlar dövlətləri mövcud idi.