O, digər Azərbaycan dövləti — Şirvanşahlarla dostluq və müttəfiqlik siyasəti yürüdürdü. Həsən padşah islam dinində parçalanmaya yol vermək istəmirdi. Buna görə də Ərdəbil hakimləri olan Səfəvi şeyxləri ilə qohumluq əlaqəsi yaratmışdı.
Həsən padşah uzaqgörən dövlət xadimi idi. O, yaxşı bilirdi ki, ölkə güclü ordu ilə müdafiə olunar, ədalətli siyasət ilə tərəqqi edər. Ona görə də hər çərşənbə günü camaatı qəbul edirdi və həmin gün ölkənin hər yerindən gələn şikayətçilər öz ehtiyaclarını bildirir, məqsəd və istəklərinə çatırdılar.
Hər hansı xarici təhlükəni dəf etmək üçün, ilk növbədə, güclü mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdır. Bu məqsədlə Həsən padşah islahatlar keçirdi.
Həsən padşah əhalinin vəziyyətini yaxşılaşdırmaq, ölkəni abadlaşdırmaq üçün xüsusi “Qanunnamə” qəbul etmişdi. Bu qanunlarda kəndlilərdən alınan vergilərin adları və miqdarı dəqiq göstərilirdi. Beləliklə, Həsən padşah vergi toplanmasını nizama saldı. Əkinçilik işi yaxşılaşdı. Kəndli və sənətkarlardan alınan vergilərin birbaşa xəzinəyə daxil olması təmin olundu. “Həsən padşahın qanunları” adlanan bu qanunlar uzun müddət qüvvədə qalmışdı.
Hər bir dövlətin qüdrəti onun güclü orduya malik olması ilə bağlıdır. Ona görə də Həsən padşah Avropa ölkələrindən odlu silah almaq üçün diplomatik danışıqlar aparır, ölkədə topçuluq sənətini inkişaf etdirməyə çalışırdı.
Həsən padşah məğlubedilməz hərbi sərkərdə, mahir diplomat olmaqla yanaşı, həm də mədəniyyəti himayə edən böyük dövlət xadimi idi. Ölkədə elmin inkişafına və abadlıq işlərinə xüsusi fikir verirdi. Savadlı adamları saraya toplayır və onları himayə edirdi. Saray kitabxanasında çoxlu alim işləyirdi. Həsən padşah özü də kitabları çox sevirdi. O, islamın müqəddəs kitabı — “Qurani-Kərim”i türkcəyə tərcümə etdirmişdi.
Həsən padşah öz dövrünün böyük alimlərindən birinə ulu babalarımız olan oğuzların tarixini yazdırmışdır. Bu, böyük hökmdarın özündən sonrakı nəsillərə qoyub getdiyi çox qiymətli töhfədir.