«Rəşidiyyə»də minlərlə tələbə təhsil alırdı.
Burada təhsil almaq üçün Azərbaycanın hər yerindən və xarici ölkələrdən Təbrizə çoxlu gənclər gəlirdi. Pulsuz təhsil alan tələbələr burada tarix, fəlsəfə, təbiətşünaslıq, təbabət, astronomiya və başqa elmlərə yiyələnirdilər. Təhsil müddəti tələbənin elmləri mənimsəməsindən asılı olurdu. Təhsilini tam başa vurmuş tələbələr təhsili təsdiq edən rəsmi sənəd alıb öz vətənlərinə qayıdırdılar.
Rəşidiyyə» mədrəsəsinin çox zəngin kitabxanası vardı. Misirdən, Hindistandan, Çindən və başqa ölkələrdən buraya çoxlu kitablar gətirilmişdi. Kitabxanada alimlər, rəssamlar, cildçilər, xəttatlar* və digər sənət adamları işləyirdi. Böyüklüyünə görə «Rəşidiyyə» kitabxanası Nəsirəddin Tusinin yaratdığı kitabxanadan sonra ikinci yeri tuturdu. Burada 60 mindən çox kitab vardı. Kitabxanadan həm müəllimlər, həm də tələbələr istifadə edirdilər.
«Rəşidiyyə»də xəstəxana və əczaxana da fəaliyyət göstərirdi. Buranı «şəfa evi» adlandırırdılar.
Göründüyü kimi, 14-cü yüzillikdə Azərbaycan dünyanın ən tanınmış elm və təhsil mərkəzi olmuş, dövrünün ən müasir təhsil ocaqları ilə şöhrət qazanmışdır.
*Xəttat — gözəl xəttlə yazan sənətkar