Şairlər, filosoflar əsərlərində xalqın ədalətli cəmiyyət, ədalətli hökmdar haqqında arzularını ifadə edirdilər. Ədəbiyyatda sadə, əməksevər xalqın ağrı-acıları öz əksini tapırdı. Azərbaycan intibah ədəbiyyatı Nizami Gəncəvinin yaradıcılığında öz zirvəsinə çatdı. Onun beş poemadan ibarət “Xəmsə”si* dünya əbəbiyyatının ən dəyərli əsərləri hesab edilir. Nizami Gəncəvinin əsərləri həm də tarixi mənbə hesab edilə bilər. Çünki onun əsərləri xalqımızın qədim keçmişi haqqında dəyərli məlumatlar verir. Nizaminin Dərbənd, Bərdə və digər şəhərlər haqqında yazdığı misralar real tarixi hadisələri əks etdirir. O, Dərbənd qalasının möhkəmliyi və əhəmiyyəti haqqında yazırdı ki, qalanın divarları dəmir və qurğuşun vasitəsilə bir-birinə bərkidilmiş qaya parçalarından hörülmüşdü.
Nizami Gəncəvinin məlumat verdiyi digər tarixi hadisə Bərdə faciəsidir. O, slavyanların Bərdədə törətdikləri qarət və qırğınları təsvir edərək yazırdı:
Deyirlər, qədərdən çox ölən varmış,
Həm qırıb-dağıtmış, həm də aparmış,
Heç bir şey qalmamış dolu anbarda,
Xəzinə boşalmış, yoxdur dinar* da.
Gördüyün o Bərdə olmuşdur viran,
O zəngin şəhərdən qalmamış nişan.
İntibah dövründə memarlıq da inkişaf etmiş, gözəl saraylar, imarətlər, qalalar, məscidlər, türbələr inşa edilmişdi. 11-ci yüzillikdə Araz çayı üzərində salınmış Xudafərin körpüsü Azərbaycanın şimal və cənub əraziləri arasında iqtisadi və mədəni əlaqələri daha da gücləndirmişdi.
Gülüstan qalası, Mərdəkan qalası və başqa abidələr 12-ci yüzillikdən yadigar qalan müdafiə tikintiləridir. Bu dövrün ən məşhur abidələrindən biri də Bakıdakı Qız qalasıdır.
Əcəmi Əbubəkr oğlu Naxçıvani dövrün ən böyük memarı idi. O, Naxçıvan şəhərində yaşayıb-yaratmışdır. Əcəminin inşa etdiyi Möminə xatun türbəsi, Yusif ibn Küseyr türbəsi, Cümə məscidi, Qoşaminarə Azərbaycan və dünya memarlığının nadir inciləri hesab edilir.
*Xəmsə — beşlik
*Dinar — pul vahidi