Azərbaycanın ən qədim və paytaxt şəhərlərindən biri də Ərdəbil olmuşdur. Ərdəbil ətrafında mis, qızıl, qalay, kükürd və neft yataqları vardı. Ərdəbildən böyük ticarət yolları keçirdi. Bu yollardan keçib gedən ticarət karvanlarının ardıarası kəsilmirdi. Bunların sayəsində Ərdəbildə sənətkarlıq və ticarət çox inkişaf etmişdi.
Ərdəbilin sərvəti xarici düşmənlərin soyğunçu yürüşlərinə səbəb olmuşdu. Şəhər dəfələrlə işğalçılar tərəfindən soyulub, qarət edilmişdi. Bu qarətlərdən biri 13-cü yüzilliyin əvvəllərində olmuşdu. O zaman feodal çəkişmələri nəticəsində Azərbaycanda dövlət zəifləmişdi. Bundan istifadə edən işğalçı gürcü qoşunu şəhəri qarət etdi. Şəhər hələ özünə gəlməmiş yenidən talan olundu. Bu dəfə şəhərə monqollar hücum etdilər. Monqollar şəhəri mühasirəyə aldılar. Onlar şəhəri tutub qarət etdikdən və dağıtdıqdan sonra çıxıb getdilər.
15-ci yüzillikdə Ərdəbili Şeyx Səfi nəslindən olan yerli Azərbaycan hakimləri — Səfəvi şeyxləri idarə edirdilər. Səfəvilər həm də Ərdəbilin ətrafındakı torpaqların hakimi idilər. Onların əlində iri torpaq sahələri vardı.