§ 16. Təbriz və Ərdəbil
Gözəl və qədim şəhərimiz Təbriz yüzillərlə böyük Azərbaycan dövlətlərinin paytaxtı olmuşdur. Şəhər orta əsrlərdə nəinki Azərbaycanın, həmçinin bütün Şərqin elm və mədəniyyət mərkəzlərindən biri idi. Təbriz şəhəri müxtəlif ölkələri birləşdirən beynəlxalq ticarət yollarının qovuşduğu yerdə yerləşirdi. Dərbənddən İran körfəzi sahillərinə və Şərqdən Avropaya gedən dünya karvan yolları Təbrizdə qovuşurdu. Buna görə də Təbriz o dövrdə Asiya ilə Avropa arasında çox mühüm ticarət şəhəri kimi bütün dünya ölkələrində yaxşı tanınırdı. Azərbaycanın başqa şəhərlərinə, habelə xarici ölkələrə gedən karvan yolları Təbrizdən keçirdi. Təbriz bazarı bütün dünyada məşhur idi. Əsasən, orta əsrlərdə tikilən və bir neçə kilometr uzunluğu olan bu bazar indi də öz iqtisadi əhəmiyyətini saxlayır.
1258-ci ildə Bağdad şəhəri monqollar tərəfindən tutulduqdan sonra Təbriz müsəlman Şərqinin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi.